Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış
Dövlət rüsumu haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Fəsil I
Ümumi müddəalar
Maddə 1. Dövlət rüsumu anlayışı
1.1. Dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
Heç bir hüquqi (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istisna olmaqla) və ya fiziki şəxs dövlətin adından bu Qanunun 1.1-ci maddəsinin birinci abzasında göstərilən hakimiyyət səlahiyyətlərini həyata keçirə bilməz.
1.2. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər.
1.3. Bu qanunda müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının digər qanunlarında dövlət rüsumunun məbləğləri və ödənilməsi ilə bağlı müddəalar nəzərdə tutula bilməz.
Maddə 26. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər |
Dövlət rüsumunun məbləği |
26.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: |
|
26.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi; |
30 manat |
26.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi |
50 manat |
26.2. Vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması |
20 manat |
26.3. Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatı, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi və dövlət reyestrindən məlumatın verilməsi |
20 manat
|
26.4. İpotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi |
10 manat |
26.5. Torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə işləri ilə bağlı pilonun vurulmasına görə - hər döngə nöqtəsi üçün |
20 manat |
26.6. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə |
10 manat |
Maddə 27. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üzrə dövlət rüsumundan azadolmalar
27.1. Dövlətə öz əmlakını bağışlayan vətəndaşlardan, müəssisələrdən və təşkilatlardan dövlət rüsumu tutulmur.
27.2. Daşınmaz dövlət əmlakının bələdiyyə mülkiyyətinə keçməsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün dövlət rüsumu tutulmur.
27.3. Alınmanın nəticəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı üçün dövlət rüsumu “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən kompensasiyanın məbləğinə daxil edilmədikdə, alınmanın təsirinə məruz qalan şəxsdən dövlət rüsumu tutulmur.
27.4. Daşınmaz əmlak üzərində hüquqların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında dövlət qeydiyyatına alınanadək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur.