Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2019-cu il üzrə fəaliyyətinin yekunlarına dair hesabat
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2019-cu il üzrə fəaliyyətinin yekunlarına dair
H E S A B A T

2019-cu il ərzində ölkə üzrə 266069 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış, bu göstəricinin 78426-sı (29.5 faizi) ilkin187643-ü (70.5 faizi) isə təkrar qeydiyyata aid olmuşdur. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 44490-ı fərdi yaşayış və bağ evi, 76661-i mənzil, 132246-sı torpaq sahəsi, 4399-u qeyri-yaşayış binası, 7166-sı qeyri-yaşayış sahəsi, 1006-sı əmlak kompleksi, 77-si çoxmərtəbəli yaşayış binası, 24-ü isə çoxillik əkmələr təşkil etmişdir.

2019-cu il ərzində 227281 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılmış və texniki pasport tərtib edilmiş, 44574 ipoteka müqaviləsi, 4479 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınmış, hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 251765 məhdudiyyət arayışı (ondan 216211-i və ya 85.9 faizi Notariuslar tərəfindən edilmiş müraciətlərə aiddir) verilmişdir.

2019-cu ilin statistik göstəricilərinin 2018-ci ilin göstəriciləri ilə müqayisəsi aparılan zaman, üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılmış daşınmaz əmlakların ümumi sayında 21.9 faiz, inventarlaşdırma işləri üçün tərtib edilmiş texniki pasportların sayında 22.0 faiz, məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayışların sayında 24.4 faiz, əhaliyə xidmətlə bağlı müxtəlif arayışların sayında 68.2 faiz, yüklülüyün (icarə istifadə) qeydiyyatında 5.2 faiz, ipotekanın qeydiyyatında isə 3.0 faiz artma müşahidə edilmişdir.

Məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayışların verilməsində, ötən ilin eyni dövrünün statistikası ilə müqayisəsi zamanı 24.4 faiz artımın olduğu müşahidə olunmuşdur. Bu göstərici üzrə Xidmətin 18 ərazi idarəsindən hər-birində artım müşahidə olunmuşdur. Artımın orta faiz göstəricisi 34.8 faiz təşkil etmişdir.

2019-cu il ərzində, üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmış daşınmaz əmlak obyektlərindən 85407-si (32.1 faiz), tərtib edilmiş texniki pasportlardan 64664-ü (28.5 faiz), dövlət qeydiyyatına alınmış ipoteka müqavilələrindən 23317-si (52.3 faiz), dövlət reyestrindən hüquq sahiblərinə verilmiş məhdudiyyət arayışlarından 77974-ü (31.0 faizi), əhaliyə xidmətlə bağlı arayışlardan 41260-ı (39.6 faizi) 1 saylı Bakı Ərazi İdarəsi üzrə olmuşdur.

2019-cu il ərzində ölkə üzrə 31593 mənzil özəlləşdirilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilmiş mənzillərin sayı 189.1 faiz təşkil etmişdir. Özəlləşməyə başlanıldığı dövrdən, 01 yanvar 2020-ci il tarixinədək ölkə üzrə 592496 mənzil özəlləşdirilmişdir.

Xidmətin ərazi idarələrində fəaliyyət göstərən mobil ofislər vasitəsilə 2019-cu il ərzində vətəndaşlardan 70980 müraciət qəbul olunmuşdur ki, bu da ötən ilin eyni adlı göstəricisi ilə müqayisədə 87.8 faiz təşkil etmişdir. Mobil ofislərin fəaliyyətə başladığı gündən, yəni 2014-cü ilin aprel ayından etibarən 2019-cu ilin sonunadək ümumilikdə 391758 vətəndaş müraciəti icraata qəbul olunmuşdur.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 641-VQD nömrəli Qanuna edilmiş dəyişikliyə uyğun olaraq dövlət reyestrindən çıxarışların “Elektron hökumət” portalında yerləşdirilməsi və hüquq sahibi tərəfindən elektron üsulla əldə edilməsi prosesi artıq həyata keçirilir. Hesabat illində 213815 elektron çıxarış imzalanaraq hüquq sahiblərinə elektron üsulla təqdim olunmuşdur.

Xidmətin fəaliyyət istiqamətləri üzrə hüquqi və fiziki şəxslərə “Elektron hökumət” portalı vasitəsilə 25 interaktiv və 1 informativ olmaqla 26 elektron xidmət göstərilməkdədir. Hesabat ilində Xidmətin ərazi idarələrinə 34231 elektron müraciət daxil olmuşdur.

2019-cu ilin yanvar-dekabr ayları ərzində dövlət müəssisə və təşkilatlarının əmlakının və istifadəsində olan torpaq sahələrinə 483 texniki pasport və 2062 plan-cizgi tərtib olunmuşdur.

Xidmətin ərazi idarələri tərəfindən bələdiyyə ərazilərində yerləşən, dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş dövlətə məxsus torpaq sahələrinin işlənmiş plan-cizgiləri mütəmadi olaraq elektron kadastr bazasına daxil edilməsi  üçün DƏKÜRX-yə təqdim olunur.

2019-cu ilin yanvar-dekabr ayları ərzində Məlumat bankına 64098 ədəd daşınmaz əmlakın bazar qiyməti barədə məlumatlar daxil edilmişdir. Hazırda Məlumat bankında 739264 daşınmaz əmlaklar və onların bazar dəyəri barədə məlumatlar mövcuddur.

2019-cu il üzrə Xidmətə və onun ərazi idarələrinə  ümumilikdə 195861 sənəd daxil olmuşdur. Həmin sənədlərdən 6972-si Komitədən Xidmətə, 12583-ü Xidmətə birbaşa, 176306-sı isə ərazi idarələrinə birbaşa daxil olan müraciətlərdir.

Bu müddətdə Komitədən Xidmətə göndərilmiş 6972 sənəddən 1353-ü müxtəlif dövlət orqanlarından və digər qurumlardan ünvanlanmış məktublar, 5619-u isə vətəndaşlar tərəfindən ünvanlanmış müxtəlif məzmunlu müraciətlər olmuşdur.

Xidmətin aparatında xidmət rəisi, müavinləri və struktur bölmələrin rəhbərləri tərəfindən 741 vətəndaş qəbul edilmiş, onlar tərəfindən qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, komitə rəhbərliyi tərəfindən 2019-cu il ərzində respublikanın şəhər və rayonlarını əhatə etməklə Qobustan, Mingəçevir, İmişli, Kürdəmir, Şəki, Qax, Şabran, Xızı, Siyəzən, Göyçay, Zərdab, Ucar, Oğuz, Qəbələ, İsmayıllı, Bərdə, Ağdam, Tərtər, Goranboy, Naftalan,Göygöl, Sabirabad, Şirvan, Neftçala, Quba və Qusar şəhərləri mərkəz olmaqla vətəndaşların səyyar qəbulu keçirilmişdir. Qəbul zamanı Xidmətin fəaliyyət sahələri üzrə 152 vətəndaşın ərizəsinə baxılmış və müraciətlərin həll edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.

Hesabat ilində əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması, o cümlədən, qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaşlara xidmətin səviyyəsinin daha da yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə bir sıra qanunvericilik aktlarının layihələri hazırlanmış və aidiyyəti üzrə təqdim olunmuşdur.